BVF-nin direktorlar şurası Ukraynaya 15,6 milyard dollar kredit ayrılmasını təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Ukrayna üçün dörd il müddətinə 15,6 milyard dollar məbləğində kredit proqramını təsdiqləyib.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, vəsaitlər Kiyevin bir sıra “makroiqtisadi və maliyyə tədbirləri”nə yönəldiləcək. Bundan əvvəl Fond və Ukrayna hakimiyyət orqanları 48 ay müddətinə 15,6 milyard dollar məbləğində Genişləndirilmiş Kredit Mexanizmi (EFF) formatında kreditin verilməsinə dair işçi səviyyədə razılığa gəliblər.
Kredit Ukraynanın kvotasının 577%-ni təşkil edir və Ukrayna hakimiyyətinə fiskal, xarici, qiymət və maliyyə sabitliyini dəstəkləyən uzunmüddətli artıma töhfə verən cari iqtisadiyyatın bərpası istiqamətində siyasətlərin həyata keçirilməsinə dəstək olmaq məqsədi daşıyır.
Qeyd edək ki, bundan əvvəl fevral ayında Dünya Bankı Ukraynaya 2,5 milyard dollar əlavə vəsait ayırıb. 2022-ci ildə isə qurum Kiyevə 12 milyard dollara yaxın pul ayırmışdı. BVF-də aparılan müzakirələr zamanı ABŞ, Kanada və digər dövlətlər Ukraynaya ayrılan vəsaitlər üçün zaminlik ediblər. Yəni Kiyevin bu vəsaitləri qaytarmaq imkanı olmasa, onu həmin ölkələr qaytaracaqlar.