ABŞ İranla əlaqəli 20 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İranla əlaqələrinə görə 4 İran vətəndaşına və 7 ölkə və ərazidə fəaliyyət göstərən 16 şirkətə qarşı sanksiyalar tətbiq edib.
AFN.az xəbər verir ki, bu barədə məlumat nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı rəsmi bəyanatda yer alıb. Sanksiya siyahısına Britaniya Virgin adaları, İran, Liberiya, Marşall adaları, BƏƏ, Panama və Türkiyədə qeydiyyatdan keçmiş hüquqi şəxslər daxil edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Barbados, Vanuatu, İran, Komor adaları, Palau və Panama bayraqları altında daşımalar həyata keçirən 12 tanker və qazdaşıyan gəmiyə qarşı da məhdudiyyətlər qoyub. Bu addım Vaşinqtonun Tehranın gəlir mənbələrini məhdudlaşdırmaq və qanunsuz ticarət şəbəkələrini çökdürmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Sanksiyaların tətbiqi nəticəsində adıçəkilən şəxs və şirkətlərin ABŞ-dakı aktivləri dondurulur və ABŞ vətəndaşlarına onlarla hər hansı iş birliyi qurmaq qadağan edilir.

