Rusiya Ukraynaya min hərbçinin cənazəsini təhvil verdi
Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski döyüşlərdə həlak olan min hərbçinin nəşini Ukrayna tərəfinə təhvil verdiklərini açıqlayıb.
AFN.az xəbər verir ki, Medinski bunun müqabilində Rusiyaya yalnız 35 hərbçinin cənazəsinin qaytarıldığını bildirib.
Sosial media hesabı vasitəsilə açıqlama verən müşavir Rusiya ilə Ukrayna arasındakı münaqişələrdə həyatını itirən hərbçilərin nəşlərinin mübadilə edildiyini diqqətə çatdırıb. Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Mərkəzi də min hərbçinin cənazəsinin təhvil alındığını və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlərə başlanılacağını təsdiqləyib.
Qeyd edək ki, Vladimir Medinski yanvarın 29-da İstanbul razılaşmaları çərçivəsində Ukraynaya daha min nəşin verildiyini, Rusiyaya isə 38 hərbçinin meyitinin qaytarıldığını bəyan etmişdi. Hazırkı proses də məhz 2025-ci il İstanbul razılaşmaları kontekstində həyata keçirilir.
Rusiya, ABŞ və Ukrayna arasındakı üçtərəfli danışıqların gedişatı da diqqət mərkəzindədir. Danışıqların birinci və ikinci mərhələsi yanvarın 23-24-də və fevralın 4-5-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib. Müzakirələrin üçüncü raundu isə fevralın 17-18-də İsveçrənin Cenevrə şəhərində baş tutub.
