Pakistan və Əfqanıstan arasında gərginlik pik həddə: Açıq müharibə elan edildi
Pakistan sərhəd bölgəsində şiddətlənən qarşıdurmalardan sonra bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabul ilə yanaşı, Qəndəhar və Paktia əyalətlərinə hava hücumu təşkil edib.
AFN.az xəbər verir ki, Kabulda yerli vaxtla saat 01:50 radələrində ən azı üç böyük partlayış səsi eşidilib, Əfqanıstanın hava hücumundan müdafiə sistemləri hücuma cavab verib. Pakistanın müdafiə naziri Xavaca Asif sosial media hesabından etdiyi açıqlamada səbrlərinin tükəndiyini bildirərək, "Artıq aramızda açıq bir müharibə var" ifadəsini işlədib.
Pakistan ordusu "Qəzəb Lil Haq" (Haqlı Qəzəb) adlı əməliyyat çərçivəsində 130-dan çox "Taliban" döyüşçüsünün öldürüldüyünü iddia edib. Pakistanın informasiya naziri Ataullah Tarar Kabuldakı briqada qərargahlarının da hədəf alındığını açıqlayıb. Digər tərəfdən, Əfqanıstan Müdafiə Nazirliyi hücumlarda 55 Pakistan əsgərinin öldürüldüyünü və bəzi hərbçilərin əsir götürüldüyünü irəli sürüb.
Qarşıdurmaların ortasında qalan mülki əhali sərhəd bölgələrindən təxliyə edilməyə başlanıb. Torxam sərhəd keçid məntəqəsi yaxınlığındakı qaçqın düşərgəsinə düşən mərmilər nəticəsində çox sayda mülki şəxsin yaralandığı bildirilir. BMT-nin Baş katibi Antonio Quterreş tərəfləri beynəlxalq hüquqa əməl etməyə və mülki şəxsləri qorumağa çağırıb.
İslamabad Kabulu Pakistandakı hücumları təşkil edən silahlı qruplara sığınacaq verməkdə ittiham edir. "Taliban" rəhbərliyi isə bu iddiaları rədd edərək Pakistanın Əfqanıstanın suverenlik hüquqlarını pozduğunu bildirir. Hazırda iki ölkə arasındakı münasibətlər ən aşağı səviyyədədir.


