Yaren leylək və Adəm əmi 15-ci ildə yenidən qovuşdu



Bursanın Karacabəy rayonunda, Uluabat gölü sahilində yerləşən Eskikaraağaç kəndinin simvoluna çevrilən Yaren leylək ardıcıl 15-ci ildə də gələrək balıqçı Adəm Yılmazın qayığına qonub.

AFN.az xəbər verir ki, Adəm Yılmazla qurduğu "dostluq hekayəsi" ilə tanınan Yaren, miqrasiya mövsümündə Avropa Leylək Kəndləri Birliyinin üzvü olan Eskikaraağaca çatıb. Yaren leyləyin göl mənzərəli yuvasının olduğu məhəllədə balıqçı Yılmazın qayığındakı ənənəvi görüntüsü təbiət fotoqrafı Alper Tüydeş tərəfindən qeydə alınıb.

Həyat yoldaşı Nazlı leyləklə eyni yuvanı paylaşan Yaren "yarenleylek.com" ünvanı vasitəsilə canlı kameralarla 24 saat izlənilə bilir. Adəm Yılmaz etdiyi açıqlamada 24 fevralda gələn leyləyi əvvəlcə Yarenin yoldaşı Nazlı zənn etdiklərini bildirib. Leyləyin zəif və kiçik olması səbəbindən yanıldıqlarını qeyd edən Yılmaz, onun nəhayət qayığa qonaraq özünü isbatladığını deyib.

"Bu il hər zamankindən tez gəldi. Kəndimizə bu il ilk gələn leylək məhz Yarendir. O, kəndin ən yaşlı, ən təcrübəli leyləyi, kəndimizin simvolu, mənim isə canımdır" – deyə balıqçı hisslərini bölüşüb. Yılmaz bu il Uluabat gölündə suyun səviyyəsinin yüksəldiyini və bunun quşların qidalanması üçün çox faydalı olduğunu əlavə edib.

Fotoqraf Alper Tüydeş isə Yarenin bu il onlara sürpriz etdiyini bildirib. Tüydeş qeyd edib ki, Yaren digər leyləklərdən fərqli olaraq hər il eyni yuvaya və eyni qayığa qonur. Bu il yol yorğunu olduğu üçün ilk günlərdə dincəlməyə üstünlük verən leylək, nəhayət süzülərək yenidən Adəm əminin qayığına qonub.

Sulu sahələrin quşlar üçün həyati əhəmiyyət daşıdığını vurğulayan Tüydeş, bu unikal dostluğun davam etməsindən böyük sevinc duyduqlarını qeyd edib. Qeyd edək ki, bu "insan-heyvan dostluğu" artıq beynəlxalq səviyyədə diqqət çəkən bir hekayəyə çevrilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu