Küveyt sahilləri yaxınlığında tankerdə partlayış baş verib: dənizə neft sızır
Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) Küveyt yaxınlığında lövbər salmış gəmidə güclü partlayış baş verdiyini bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, tanker kapitanı partlayışdan dərhal sonra naməlum kiçik bir gəminin hadisə yerindən uzaqlaşdığının müşahidə olunduğunu bildirib. Hadisə nəticəsində yük çənlərindən birinin zədələnməsi dənizə neft sızmasına səbəb olub.
Gəminin gövdəsinə su dolsa da, yanğın qeydə alınmayıb və heyət üzvləri təhlükəsiz şəraitdədir.
Küveyt Daxili İşlər Nazirliyi isə rəsmi açıqlama yayaraq hadisənin ölkənin ərazi sularından kənarda, Mübarək əl-Kəbir limanından 60 km məsafədə baş verdiyini və ölkə yurisdikçiyasına daxil olmadığını bəyan edib. Hazırda hadisənin təfərrüatları araşdırılır.



