BƏƏ-də raket qəlpələri bir nəfərin ölümünə səbəb olub
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bəni Yas bölgəsində ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi zamanı yerə düşən qəlpələr bir nəfərin həyatına son qoyub.
AFN.az xəbər verir ki, Əbu-Dabi Media Ofisinin "X" hesabından verilən yazılı bəyanatda hadisə ilə bağlı təfərrüatlar paylaşılıb.
Bəyanatda bildirilir ki, ballistik raketin havada məhv edilməsi nəticəsində onun qalıqları paytaxtın Bəni Yas bölgəsinə düşüb. Hadisə nəticəsində Pakistan vətəndaşı olan bir nəfər dünyasını dəyişib. Səlahiyyətli qurumlar ictimaiyyəti yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə və təsdiqlənməmiş xəbərləri yaymaqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, bu hadisə regionda gərginliyin artdığı və İranın BƏƏ-yə qarşı raket və PUA hücumlarını davam etdirdiyi bir vaxtda baş verib. Hazırda hadisə yerində araşdırmalar davam etdirilir və təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.


