SEPAH: ABŞ-ın F-35 qırıcısını vurduq
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu səhərə yaxın ölkənin mərkəzi hissəsində ABŞ-a məxsus F-35 "stealth" (görünməz) qırıcı təyyarəsinin vurulduğunu elan edib.
AFN.az xəbər verir ki, SEPAH-ın yazılı bəyanatında təyyarənin ağır zədə aldığı və qəzaya uğrama ehtimalının yüksək olduğu bildirilib. İran mediası isə PUA və ya raket əleyhinə sistemlərin termal kameraları ilə çəkildiyi iddia edilən görüntüləri paylaşıb. Bu hadisə beşinci nəsil qırıcıların "toxunulmazlıq" imicinə qarşı ciddi iddia kimi qiymətləndirilir.
CENTCOM-un cavabı: Təyyarə təhlükəsiz eniş edib
Hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) gələn açıqlama isə İranın iddiasını qismən təsdiqləsə də, nəticə baxımından fərqlənir. CENTCOM sözçüsü Tim Hokins bildirib ki, beşinci nəsil F-35 qırıcısı İran üzərində döyüş missiyası yerinə yetirərkən hədəf alınıb və zədələnib. Lakin bəyanatda vurğulanıb ki, təyyarə regiondakı ABŞ bazalarından birinə təhlükəsiz eniş edib və pilotun vəziyyəti stabildir.
Bu hadisə fevral ayının sonunda başlayan müharibədə bir F-35 təyyarəsinin ilk dəfə vurulması kimi qeydə alınıb.
