Tramp: Netanyahuya İranın neft və qaz sahələrinə hücum etməməyi tapşırdım
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranın strateji enerji infrastrukturunu hədəf almamaq barədə xəbərdarlıq etdiyini bildirib.
AFN.az xəbər verir ki, Tramp Yaponiya Baş naziri Takaiçi Sanaeni Ağ Evdə qəbul edərkən keçirilən mətbuat konfransında regional gərginliklə bağlı mühüm bəyanatlar verib. İsrailin İranın neft müəssisələrini vurub-vurmayacağı ilə bağlı suala cavab olaraq Tramp Netanyahu ilə bu mövzunu müzakirə etdiyini deyib: "Ona bunu etmə dedim. O da etməyəcək. Biz müstəqil ölkələrik, çox yaxşı anlaşırıq və koordinasiyalı işləyirik". Tramp həmçinin İrana hər hansı bir ABŞ əsgəri göndərməyəcəyini də qəti şəkildə vurğulayıb.
Prezident Tramp Hörmüz boğazının açılması məsələsində ABŞ-a dəstək verməyən NATO ölkələrini kəskin tənqid edib: "NATO Hörmüz boğazını müdafiə etməkdə bizə kömək etmək istəmir, halbuki buna ən çox ehtiyacı olanlar onlardır". O, İranın Xark adasındakı neft boru kəmərlərinə və infrastrukturuna zərər vermək istəmədikləri üçün adaya toxunmadıqlarını, lakin istəsələr bu işi iki saniyədə bitirə biləcəklərini qeyd edib.
Görüş zamanı yaponiyalı müxbirin "Nə üçün hücumlar barədə müttəfiqlərinizə əvvəlcədən xəbər vermədiniz?" sualına Trampın zarafatla verdiyi cavab diqqət çəkib: "Bunun sürpriz olmasını istədik. Sürpriz mövzusunda Yaponiyadan daha yaxşı kim bilə bilər? Siz Pearl Harbor haqqında niyə bir şey demədiniz?". Bu cavab ABŞ nümayəndə heyətində gülüşlə, Yaponiya heyətində isə təəccüblə qarşılanıb.
Yaponiya Baş naziri Takaiçi isə ABŞ-ın İran əməliyyatlarına dəstək verdiklərini və İranın nüvə silahı əldə etməsinə icazə verilməməli olduğunu vurğulayıb. Tramp həmçinin Pentaqonun tələb etdiyi 200 milyard dollarlıq əlavə büdcənin ordunun güclü qalması üçün vacib olduğunu bildirib.
