Belçikadan Hörmüz boğazında təhlükəsizlik təşəbbüsünə qatılmaq istənilib



Belçikadan Hörmüz boğazında gəmilərin hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə yaradılan beynəlxalq təşəbbüsə qoşulmaq xahiş olunub.

AFN.az xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi olan "Belga"nın yaydığı məlumata görə, Almaniya, Fransa, İtaliya, Yaponiya, Niderland və Böyük Britaniyanın Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduqlarını bildirməsindən sonra London rəhbərliyi Brüsseldən də bu təşəbbüsə dəstək tələb edib.

Belçikanın mümkün iştirakının miqyası hələlik dəqiqləşməsə də, məsələnin sabah keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə ediləcəyi gözlənilir. Danışıqlarda həmçinin Körfəz ölkələrinə yönəlik potensial müdafiə dəstəyi variantlarının da dəyərləndirilməsi nəzərdə tutulur.

Digər tərəfdən, xarici işlər naziri Maksim Prevot Nümayəndələr Palatasındakı sual-cavab sessiyasında etdiyi çıxışda bölgədə artan gərginliyin Belçikaya, xüsusilə enerji qiymətlərinin yüksəlməsi və gübrə kimi kritik tədarüklərdə yarana biləcək çətinliklər vasitəsilə ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Prevot Belçikanın mümkün iştirakı ilə bağlı bildirib ki, bu onların müharibəsi olmasa da, heç bir addım atmamaq davamlı həll yolu deyil və ən azından müəyyən bir səlahiyyət çərçivəsi ilə aydın şəkildə müəyyən edilmiş məqsəd zəruridir.

Qeyd edək ki, Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı birgə bəyanatlarında İranın Körfəzdə silahsız ticarət gəmilərinə və mülki infrastruktura qarşı hücumlarını pisləyib, qlobal enerji təchizatı baxımından kritik əhəmiyyətə malik boğazda naviqasiya təhlükəsizliyinin təmin olunması üçün birgə səylərə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu