Fransada Jerald Mari və Epşteyn əlaqələri araşdırılır
Aralarında keçmiş modellərin də olduğu 15 qadın "Elite" model agentliyinin keçmiş rəhbəri Jerald Mari ilə həbsxanada ölü tapılan Ceffri Epşteyn arasındakı əlaqələrin araşdırılması üçün müraciət edib.
AFN.az xəbər verir ki, Fransa mətbuatında yer alan məlumatlara görə, aralarında isveçli keçmiş model Ebba Karlsson və britaniyalı Liza Brinkvortun da olduğu qrup Paris prokurorluğuna məktub təqdim edib.
Məktubda 15 qadının əlində Mari və Epşteyn arasındakı əməkdaşlığı sübut edən, onları "MC2" və "E Model Management" agentliklərinə bağlayan elektron məktublar və məhkəmə sənədlərinin olduğu bildirilib. Sözügedən qadınlardan biri istisna olmaqla, hamısının Fransa ərazisində cinsi təcavüzə məruz qaldığı iddia edilən müraciətdə hadisələr baş verən zaman onlardan ikisinin uşaq yaşda olduğu vurğulanıb.
Brinkvort qeyd edib ki, onlar Mari ilə Epşteyn arasında hansı növ əlaqənin olduğunu və agentlik rəhbərinin cinayət tərkibli işlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsini istəyirlər. Model agentlikləri haqqında araşdırma apardığı müddətdə 1998-ci ildə Milan şəhərində Marinin ona qarşı cinsi təcavüz etdiyini iddia edən Brinkvort bu məsələ ilə bağlı hələ 2020-ci ildə şikayətçi olmuşdu.
Lakin həmin vaxt açılan təhqiqat hadisələrin üzərindən uzun müddət keçməsi və vaxt məhdudiyyəti səbəbindən 2023-cü ildə bağlanmışdı. İndi isə yeni sənədlər və kollektiv müraciət əsasında işin yenidən araşdırılması tələb olunur.
