Məsud Pezeşkian: Nüvə silahı axtarışında deyilik



İran Prezidenti Məsud Pezeşkian qonşuları ilə problem yaşamaq istəmədiklərini və nüvə silahı əldə etmək niyyətində olmadıqlarını bildirib.

AFN.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA Pezeşkianın Novruz bayramı münasibətilə yayımladığı videomüraciəti təqdim edib.

Pezeşkian ixtilafları bir kənara qoymağın vacibliyini vurğulayaraq, Novruzun İran mədəniyyətində yeni bir başlanğıc olduğunu qeyd edib. Qonşu ölkələrlə münaqişə tərəfdarı olmadıqlarını ifadə edən prezident: "Əziz dostlarımız, biz sizinlə bütün problemləri həll etməyə hazırıq" deyə müraciət edib.

Prezident həmçinin ölkəsinin nüvə ambisiyaları ilə bağlı iddialara da toxunaraq, nüvə silahı axtarışında olmadıqlarını qətiyyətlə bildirib. O, İnqilab Rəhbəri Əli Xameneinin bu növ silahların İslam hüququna görə qadağan edildiyini hər zaman vurğuladığını xatırladıb. Pezeşkian əlavə edib ki, İranda heç bir rəsmi şəxs kütləvi qırğın silahlarının hazırlanması istiqamətində addım ata bilməz.

Sonda o, regionda sülh və hüzuru təmin etmək üçün Yaxın Şərqdəki İslam ölkələrindən ibarət ortaq təhlükəsizlik strukturunun yaradılmasını təklif edib. Prezidentin fikrincə, bu struktur bölgədə sabitliyin əsas qarantı ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu