Trampdan Orbana dəstək mesajı
ABŞ Prezidenti Donald Tramp Macarıstan Baş naziri Viktor Orbanın ölkəsini qorumaq və iqtisadiyyatı böyütmək üçün çox çalışdığını bildirərək, 12 apreldə keçiriləcək seçkilərdə onu dəstəklədiyini ifadə edib.
AFN.az xəbər verir ki, Tramp sosial media hesabı vasitəsilə Macarıstan Baş naziri Orban üçün dəstək mesajı yayımlayıb.
Mesajında Orbanın müstəsna nəticələr əldə etmək sahəsində sübut olunmuş keçmişə malik olduğunu qeyd edən Tramp, onun ölkəsi və xalqı üçün yorulmadan mübarizə apardığını bildirib. Orbanın Macarıstanı qorumaq, iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, ticarəti təşviq etmək, qeyri-qanuni miqrasiyanın qarşısını almaq, eləcə də hüquq və asayişi təmin etmək üçün böyük səy göstərdiyini müdafiə edib.
Tramp, Macarıstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin məhz Baş nazir Orban sayəsində öz rəhbərliyi dövründə əməkdaşlıq və möhtəşəm uğurlar baxımından yeni zirvələrə çatdığını vurğulayıb. Hər iki ölkənin bu nəhəng müvəffəqiyyət və tərəfdaşlıq yolunda daha da irəliləməsi üçün onunla sıx işləməyə davam etməyi səbirsizliklə gözlədiyini ifadə edib.
Tramp, 2022-ci ildə də Orbanın yenidən seçilməsini dəstəklədiyini xatırladaraq, onun Baş nazir postuna təkrar seçilməsi üçün tam və qəti dəstəyini ifadə edib.


