Netanyahu hərbi xidmət müddətini uzadacağını bildirib
İsrailin baş naziri Benyamin Netanyahu ordudakı şəxsi heyət çatışmazlığı səbəbindən hərbi xidmət müddətini uzadacaqlarını deyib.
AFN.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu təhlükəsizlik kabinetinin iclasında Baş Qərargah rəisi Eyal Zamirin "Personal böhranına həll yolu tapmasaq, İsrail ordusu çökəcək" sözlərinə cavab verib.
Netanyahu yəhudilərin müqəddəs saydığı Pesah bayramından sonra məcburi hərbi xidmət qanununu və xidmət müddətinin uzadılmasını gündəmə gətirəcəklərini ifadə edib. Xarici İşlər və Müdafiə Komitəsinin hüquq məsləhətçisinin ultra-ortodoks yəhudilərin (Haredi) hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanunda yumşalmaların edilməsinə qarşı çıxmasına toxunan Netanyahu, onun vəzifəsinin məsləhət vermək olduğunu, qərarları isə hökumətin verdiyini vurğulayıb.
Kabinet katibi Yossi Foks da yaxın vaxtlarda hərbi xidmət qanunu və xidmət müddətinin uzadılmasını birlikdə qiymətləndirəcəklərini öhdəsinə götürüb. Digər tərəfdən, İsrail ordusunun sözçüsü Efi Defrin hazırda orduda 8 mini döyüşçü olmaqla 15 min əsgər çatışmazlığının olduğunu qeyd edib.
İran və Livana qarşı hücumlarını davam etdirən İsrail ordusunun rəsmiləri Qəzza zolağının yarısının nəzarət altında saxlanılması və İordan çayının qərb sahilindəki yeni məskunlaşma yerlərinin təhlükəsizliyinin təmin edilməsi səbəbindən artan personal ehtiyacına diqqət çəkərək, tapşırıq sayının artdığı halda əsgər sayının azaldığını bildiriblər.
İsraildə 18 yaşına çatmış hər bir kişi 32 ay, qadınlar isə 24 ay məcburi hərbi xidmət keçir, hazırda isə xidmət müddətinin 36 aya qaldırılması müzakirə olunur.

