Lavrov: İrana kəşfiyyat yardımı etmirik
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə Tehrana kəşfiyyat məsələlərində kömək etmədiklərini bildirib.
AFN.az xəbər verir ki, Lavrov Fransız televiziya kanallarından birinə verdiyi müsahibədə ABŞ və İsrailin hücumları qarşısında Rusiyanın İrana yardım etdiyi barədə iddialara aydınlıq gətirib.
İranın imzalanmış dövlətlərarası müqavilə ilə Rusiyanın strateji tərəfdaşı olduğunu xatırladan Lavrov, hücumlar qarşısında İranı müdafiə etməkdən çox beynəlxalq hüququ qoruduqlarına diqqət çəkib. ABŞ Prezidenti Donald Trampın beynəlxalq hüquqla maraqlanmadığını, öz mənəvi prinsipləri və instinktləri ilə hərəkət edəcəyini söyləməsinin qəbul edilə bilməz olduğunu dilə gətirən Lavrov Rusiyanın Fars körfəzi və ümumilikdə Yaxın Şərq regionundakı bütün problemləri həll etmək üçün dialoq qurulması arzusunu amerikalılara dəfələrlə çatdırdığını qeyd edib.
Müzakirələr davam edərkən ABŞ-ın İrana hücum başlatdığını xatırladan Lavrov, bunun siyasi və diplomatik prosesi idarə edən amerikalı müzakirəçilər haqqında sual işarələri yaratmaqdan başqa bir işə yaramayacağı qiymətləndirməsini aparıb. Nazir Lavrov həm İranın, həm də bölgədəki bütün ölkələrin, xüsusən də ABŞ və İsrailin başlatdığı təcavüzdən əziyyət çəkən Körfəz ölkələrinin maraqlarını müdafiə etdiklərini vurğulayıb.
Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilənin olduğunu qeyd edən nazir "İrana müəyyən növ hərbi məhsullar tədarük etmişik, lakin İrana kəşfiyyat məsələlərində kömək etdiyimiz barədə ittihamları qəbul edə bilmərik" deyə vurğulayıb.
Yaxın Şərqdəki Amerika hərbi bazalarının koordinatlarının hamıya məlum olduğunu deyən Lavrov, İranın onlara hücum etməsinə təəccüblənmədiyini, amerikalıların öz qoşunlarının çoxunu bu bazalardan təxliyə etmələrinin də nə baş verəcəyini bildiklərinin göstəricisi olduğunu əlavə edib.


