Yaponiya neft ehtiyatlarını istifadəyə verib
Yaponiya hökuməti enerji təchizatı təhlükəsizliyi narahatlıqları səbəbindən strateji neft ehtiyatlarını istifadəyə verib.
AFN.az xəbər verir ki, "Kyodo" agentliyinin məlumatına görə, Tokio hökuməti enerji tədarükündə sabitliyi qorumaq məqsədilə ölkədaxili 30 günlük tələbata bərabər olan təxminən 8,5 milyon kilolitr nefti bazara çıxarıb.
Ölkə daxilindəki 11 saxlama məntəqəsindən başlayan bu proses aprel ayının sonuna qədər mərhələli şəkildə davam edəcək. Bundan əlavə, Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Yaponiya ərazisində saxlanılan və 6 günlük istehlaka bərabər olan neft ehtiyatı da istifadəyə açılıb.
Yaponiyanın Baş naziri Takaiçi Sanae qlobal enerji təchizatı üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazındakı vəziyyətlə bağlı bildirib ki, Asiya ölkələri ciddi çətinliklərlə üz-üzədir. Orta Şərqdəki münaqişələrin gedişatındakı qeyri-müəyyənliyə diqqət çəkən Takaiçi enerji təhlükəsizliyinin mühüm prioritet olduğunu vurğulayıb.
Yaponiya Neft Birliyinin rəhbəri Kito Şuniçi isə hökumətdən may ayında da dövlət ehtiyatlarından daha çox neftin bazara çıxarılmasını tələb edib. Xam neft idxalının 90 faizindən çoxunu Orta Şərqdən təmin edən Yaponiya bölgədəki gərginlikdən ən çox narahat olan ölkələrdən biridir.
Qeyd edək ki, Yaponiya təxminən 254 günlük daxili istehlaka bərabər olan 470 milyon barellə dünyanın ən böyük neft ehtiyatına sahib ölkələri sırasındadır.

