Yaponiya enerji bazarını sabitləşdirmək üçün yeni tədbirlər hazırlayır
Yaponiya rəhbərliyi Fars körfəzindəki böhranın uzanmasından ciddi fəsadlar yaranacağından ehtiyat edir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə hakim Liberal Demokrat Partiyasının (LDP) siyasi şurasının sədri Takayuki Kobayashi jurnalistlərə bildirib. Onun sözlərinə görə, hökumət strateji neft ehtiyatlarının növbəti dəfə açılması və dayandırılmış AES-lərin əlavə olaraq işə salınması daxil olmaqla, vəziyyəti sabitləşdirmək üçün yeni tədbirlər görmək niyyətindədir.
"Məndə güclü bir böhran hissi var. Bu narahatlığın əsasında Fars körfəzi zonasındakı hazırkı vəziyyətin nə qədər davam edəcəyi ilə bağlı tam qeyri-müəyyənlik dayanır", - deyə o, qeyd edib. LDP rəsmisi dayandırılmış atom stansiyalarının sürətlə yenidən işə salınmasının və yenilərinin tikilməsinin vacibliyini vurğulayıb. Hazırda Yaponiyanın 254 günlük tələbatını ödəyəcək (təxminən 470 mln barrel) neft ehtiyatı mövcuddur.
