Filippin Hörmüz boğazından keçid üçün İranla razılığa gəlmək istəyir


Filippin prezidenti Ferdinand Markos ölkənin neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək üçün Xarici İşlər Nazirliyinə İranla danışıqlara başlamaq barədə göstəriş verib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Kler Kastro brifinq zamanı məlumat verib.

Filippinin xarici işlər naziri Tereza Lazaro yaxın günlərdə İranın səfiri Yusif İsmayılzadə ilə görüşəcək. Filippin neftin təxminən 98%-ni Yaxın Şərq ölkələrindən idxal edir və bu tədarükün böyük hissəsi Hörmüz boğazından keçir. Martın 24-də ölkədə energetika sahəsində fövqəladə vəziyyət rejimi elan edilib və iqtisadiyyatı münaqişənin fəsadlarından qorumaq üçün xüsusi komitə (UPLIFT) yaradılıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab olaraq, Tehran Hörmüz boğazını təcavüzü dəstəkləyən ölkələrin gəmiləri üçün bağlayıb. Martın 25-də İran rəsmiləri yalnız dost ölkələrin (Rusiya, Hindistan, İraq, Çin və Pakistan) gəmilərinə keçid icazəsi verildiyini bəyan ediblər. Filippin tərəfi də "yaxşı münasibətlər" zəminində bu siyahıya düşməyə çalışır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu