Tramp: Müharibəni 2-3 həftə ərzində başa çatdıracağıq
ABŞ Prezidenti Donald Tramp İran müharibəsini nə vaxt bitirəcəyi ilə bağlı suala "Zənnimcə, iki və ya üç həftə ərzində, sonra oradan çəkiləcəyik" deyə cavab verib.
AFN.az xəbər verir ki, Ağ Evdə keçirilən fərman imzalama mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Tramp, İrandakı proseslərlə bağlı mühüm iddialar irəli sürüb.
Tramp İrandakı liderləri sıradan çıxararaq rejim dəyişikliyini həyata keçirdiklərini müdafiə edib. "İranda rejim dəyişikliyini artıq reallaşdırdıq, bir rejimi devirdik, sonra ikinci rejimi də devirdik" deyən prezident, hazırda orada daha məntiqli və az radikal bir qrupun olduğunu bildirib. O, ABŞ-ın İrandakı müharibəni qısa müddətdə bitirərək bölgədən ayrılacağını vurğulayıb.
ABŞ-ın Hörmüz boğazı ilə bağlı mövqeyinə toxunan Tramp, bu su yolundan keçən neftə ehtiyacı olan ölkələrin özlərinin addım atmalı olduğunu qeyd edib. O, Fransa və ya digər ölkələrin neft-qaz tədarükü üçün öz başlarının çarəsinə baxmalı olduqlarını, Vaşinqtonun bu məsələdə artıq iştirak etməyəcəyini bildirib.
Sonda Tramp ABŞ-ın əsl məqsədi olan İranın nüvə silahına sahib olmaması hədəfinə çatdıqlarını iddia edib. O, Tehranın bir daha heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini qətiyyətlə vurğulayıb.
