ABŞ-dan NATO mesajı: Müharibədən sonra münasibətlərimizi dəyərləndirəcəyik



ABŞ Dövlət katibi Marko Rubio ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədə NATO müttəfiqlərindən gözlədikləri dəstəyi görmədiklərini bildirib.

AFN.az xəbər verir ki, Rubio döyüşlər başa çatdıqdan sonra Alyansla münasibətlərin yenidən dəyərləndiriləcəyini qeyd edib.

Rubio "Fox News" telekanalına verdiyi müsahibədə, ABŞ-ın istəyinə rəğmən Hörmüz boğazına dəstək qüvvələri göndərməyən və ya hərbi bazalardan istifadəyə icazə verməyən müttəfiqləri sərt tənqid edib. "Biz onlardan hava zərbələri endirməyi xahiş etmirik, lakin hərbi bazalarından istifadəyə ehtiyac duyduğumuzda cavab 'Xeyr' olur; o zaman biz niyə NATO-dayıq?" ifadələrini işlədən dövlət katibi, Alyansın getdikcə təktərəfli münasibətə çevrildiyini iddia edib.

NATO ilə bağlı yekun qərarın Prezident Donald Trampa aid olduğunu deyən Rubio, münaqişə bitdikdən sonra bu ittifaqın ölkə üçün dəyərinin mütləq yenidən nəzərdən keçiriləcəyini vurğulayıb. O, İranla bağlı planlarda artıq finiş xəttini gördüklərini və bunun çox yaxın zamanda baş verəcəyini qeyd edib.

Xatırladaq ki, bu bəyanatlar Vaşinqtonun qlobal hərbi strategiyasında mühüm dəyişikliklərin siqnalı kimi qiymətləndirilir. Müharibə sonrası dövrdə ABŞ-NATO münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi dünya birliyinin diqqət mərkəzindədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu