ABŞ Avropa və Yaxın Şərqə A-10 və B-52 təyyarələri göndərib
ABŞ ordusu İngiltərəyə 12 ədəd "A-10C Thunderbolt II" hücum təyyarəsi göndərib. Eyni zamanda İngiltərə və Rumıniyada ABŞ-a məxsus yanacaqdoldurma təyyarələrinin intensiv hərəkətliliyi müşahidə olunur.
AFN.az xəbər verir ki, açıq mənbə kəşfiyyatı (OSINT) məlumatlarına görə, martın 31-də İngiltərə və Rumıniyadan ümumilikdə 6 ədəd "KC-135 Stratotanker" təyyarəsi havaya qalxıb.
Məlumata görə, İngiltərənin "Mildenhall" bazasından və Rumıniyanın Buxarest hava limanından qalxan tanker təyyarələri müəyyən marşrutlar üzrə uçuşlar həyata keçiriblər. Paralel olaraq, ABŞ-ın Men ştatından qalxan bəzi yanacaqdoldurma təyyarələrinin Yaxın Şərqə çataraq İsrailə eniş etdiyi müəyyən edilib.
Bölgədəki hərəkətlilik yalnız tanker təyyarələrlə məhdudlaşmır. İrana qarşı mümkün hücum missiyası üçün İngiltərədən havalanan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52H Stratofortress" bombardmançı təyyarəsi görüntülənib. İddialara görə, təyyarə JDAM (Müştərək Birbaşa Hücum Sursatı) bombaları daşıyır. ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bu strateji bombardmançıların artıq Körfəz səmalarında uçmağa başladığını təsdiqləyib.
Digər tərəfdən, "Tank ovçusu" kimi tanınan 12 ədəd "A-10C Thunderbolt II" yaxın hava dəstəyi təyyarəsi martın 30-da İngiltərənin "Lakenheath" bazasına eniş edib. Den Keyn qeyd edib ki, bu təyyarələr İran sahillərindəki sürətli hücum qayıqlarına və mina döşəyən vasitələrə qarşı olduqca effektivdir.

