Pit Heqset hərbi bazalarda silah qadağasını ləğv etdi
ABŞ-ın müdafiə naziri Pit Heqset hərbi heyətin hərbi bazalarda şəxsi silahlarını daşımasını əngəlləyən qadağanı ləğv edib.
AFN.az xəbər verir ki, nazir Heqset "X" sosial media platformasındakı hesabından etdiyi paylaşımda imzaladığı sərəncamla bağlı açıqlamalar verib.
Hərbi personelin bazalarda şəxsi silah daşımasına qoyulan qadağanı götürdüyünü elan edən Heqset hərbi obyektlərin silahsız zonalara çevrildiyini, bu vəziyyətin isə hərbçiləri müdafiəsiz və açıq hədəf halına gətirdiyini bildirərək, bu duruma son qoyulduğunu qeyd edib.
Heqset hazırda heyətin şəxsi silah daşımaq və ya saxlamaq üçün icazə almasının faktiki olaraq qeyri-mümkün olduğunu vurğulayaraq, yeni sərəncamla ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı obyektlərin komandirlərinə tapşırıq verib ki, rədd edilməsi üçün çox ciddi və açıq bir səbəb olmadığı təqdirdə şəxsi heyətin silah daşıma tələblərini təsdiqləsinlər.
Digər tərəfdən, sərəncamda yer alan məhdudiyyətlərə əsasən, nazirlik binasına şəxsi silahla daxil olmağa hələlik icazə verilmir.
