İranın İslamabaddakı səfiri Pakistan səfəri barədə paylaşımı sildi



İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm İran nümayəndə heyətinin atəşkəs müzakirələri üçün bu gecə Pakistana gedəcəyi barədə sosial media paylaşımını silib.

AFN.az xəbər verir ki, Müqəddəm "X" platformasında etdiyi və daha sonra sildiyi paylaşımında İsrailin diplomatik addımları sabotaj etmək üçün əldə olunmuş atəşkəs razılaşmasını pozduğunu, bu səbəbdən İran ictimaiyyətində müəyyən şübhələrin yarandığını qeyd etmişdi. Səfir silinən mesajında "İctimaiyyətdə şübhələr yaransa da, İran nümayəndə heyəti cənab Şahbaz Şərifin dəvəti ilə İran tərəfindən təklif edilən 10 maddəyə əsaslanan danışıqlar aparmaq üçün bu gecə İslamabada gəlir" məlumatını paylaşmışdı.

Səfirlik rəsmiləri daha sonra bu paylaşımın vaxtından əvvəl edildiyini və bəzi texniki səbəblərdən silindiyini bildiriblər. Lakin bu addım İslamabadda keçirilməsi planlaşdırılan və ABŞ vitse-prezidenti Cey Di Vensin də iştirak edəcəyi gözlənilən kritik sülh danışıqlarının taleyi ilə bağlı suallar doğurub.

Xatırladaq ki, Pakistanın vasitəçiliyi və Çinin dəstəyi ilə əldə olunan iki həftəlik atəşkəs, bölgədəki hərbi gərginliyin azaldılması və Hörmüz boğazının ticarət gəmiləri üçün açıq qalmasını hədəfləyir. İslamabad hakimiyyəti artıq diplomatik tədbirlərlə əlaqədar şəhərdə iki günlük lokal tətil elan edib və təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu