Rutte: Yaxın gələcəkdə Ukraynanın NATO-ya daxil olması barədə razılaşma olmayacaq
Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olması imkanı hazırda nəzərdən keçirilmir və yaxın gələcəkdə bununla bağlı heç bir razılaşma olmayacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Vaşinqtondakı Prezident Ronald Reyqan Fondu İnstitutunda çıxışı zamanı bəyan edib.
"NATO-ya üzvlük hələlik gündəmdə deyil", — deyə o, Ukrayna barədə danışarkən qeyd edib. Rütte iddia edib ki, Ukrayna münaqişəsinin nizamlanması üçün əsas faktor Kiyevə təhlükəsizlik təminatlarının verilməsidir.
"Düşünmürəm ki, biz qısamüddətli perspektivdə Ukraynanın NATO-ya üzvlüyü məsələsini kollektiv şəkildə həll edə bilərik", — deyə Alyansın Baş katibi əlavə edib.
Qeyd edək ki, Kiyev uzun müddətdir Alyansa üzvlüklə bağlı konkret "yol xəritəsi" və ya dəvət gözləsə də, Alyans rəsmiləri bu məsələnin yalnız müharibə başa çatdıqdan sonra real müstəviyə keçə biləcəyini vurğulayırlar.
