ABŞ-da avtomatik hərbi qeydiyyat dekabrda başlayır
ABŞ-da gənc kişilərin hərbi xidmətə çağırış bazasına avtomatik olaraq qeyd edilməsini nəzərdə tutan yeni qayda bu ilin dekabrında qüvvəyə minir.
AFN.az xəbər verir ki, ötən ilin sonunda "2026-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyəti Aktı" (NDAA) çərçivəsində qanuniləşən bu tənzimləmə 18-26 yaş arası bütün müvafiq namizədləri əhatə edir.
Mövcud qanunvericiliyə əsasən, bu yaş qrupundakı kişilərin "Seçici Xidmət" sistemində qeydiyyatdan keçməsi onsuz da məcburi idi, lakin yeni dəyişiklik bu prosesi fərdlərin müraciətinə buraxmadan dövlət tərəfindən avtomatlaşdırır. Avtomatik qeydiyyat ABŞ vətəndaşları ilə yanaşı, ölkədə yaşayan yaşıl kart sahiblərini, qaçqınları, sığınacaq axtaranları və sənədsiz miqrantları da əhatə edir.
Hazırda bir çox ştatda sürücülük vəsiqəsi müraciətləri zamanı tətbiq olunan bu sistem artıq federal səviyyədə digər məlumat bazaları ilə inteqrasiya edilərək həyata keçiriləcək. Qeydiyyatdan yayınmaq ağır cinayət hesab olunur və bu, 250 min dollara qədər cərimə və ya 5 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.
Yeni qaydanın tətbiqi İranla davam edən gərginlik fonunda ictimaiyyətin böyük marağına səbəb olsa da, rəsmilər bu addımın əsas məqsədinin inzibati səmərəliliyi artırmaq olduğunu bildirirlər. ABŞ-da sonuncu dəfə 1973-cü ildə Vyetnam müharibəsi zamanı tətbiq edilən məcburi hərbi xidmətin yenidən aktivləşməsi üçün Konqresin xüsusi təsdiqi tələb olunur.
Mümkün çağırış zamanı isə ilk növbədə 20 yaşlılardan başlamaqla xüsusi püşkatma sistemi tətbiq edilir. Seçilən şəxslər fiziki və tibbi müayinələrdən keçdikdən sonra xidmətə uyğunluqları müəyyən edilir.

