İraq və Səudiyyə Ərəbistanı hasilatı kəskin azaldanlar sırasındadır
Yaxın Şərqin bəzi dövlətləri mart ayında hasilatı ümumilikdə sutkada 7,955 milyon barel azaldıblar.
Ən böyük azalma regiondakı münaqişə fonunda İraq və Səudiyyə Ərəbistanında qeydə alınıb. OPEK-in hesabatına görə, fevral ayı ilə müqayisədə martda İraqda hasilat 2,563 milyon barel/gün, Səudiyyə Ərəbistanında 2,314 milyon barel/gün, BƏƏ-də 1,527 milyon barel/gün, Küveytdə 1,369 milyon barel/gün, İranda isə 182 min barel/gün azalıb.
Xatırladaq ki, 2025-ci ilin noyabrında aparıcı OPEK+ ölkələri mövsümi faktorlarla əlaqədar 2026-cı ilin birinci rübündə hasilatın artırılmasını dayandırmaq barədə razılığa gəlmişdilər. İraq, BƏƏ, Qazaxıstan və Oman isə mart ayında əvvəlki dövrlərdəki artıq hasilatı kompensasiya etmək üçün sutkada 1,214 milyon barel əlavə ixtisar etməli idilər.




