İtaliyada Sarayevoda snayperlik edənlərlə bağlı araşdırmada daha bir nəfər dindirilib
Bosniya müharibəsi zamanı İtaliyadan həftəsonu turları ilə Sarayevoya gedərək serb snayperlərinə yüksək məbləğdə pul verən və əyləncə məqsədilə dinc sakinlərə atəş açan şəxslərə qarşı Milan Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində bu səhər daha bir şübhəlinin ifadəsi alınıb.
AFN.az xəbər verir ki, 1992-1995-ci illərdə baş vermiş Sarayevo mühasirəsinə İtaliya və digər ölkələrdən qatılan, "həftəsonu snayperləri" kimi tanınan şəxslərə qarşı 2025-ci ilin noyabrında başladılan araşdırma davam edir.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, ifadə verməyə çağırılan Alessandriya sakini olan 64 yaşlı şəxs prokurorluqda dindirilərkən əksər suallara qarşı susmaq hüququndan istifadə edib. Şübhəlinin vəkili Liçia Sardo mətbuata verdiyi açıqlamada müştərisinin həmin dövrdə Bosniya və Herseqovinaya getmədiyini, sadəcə ətrafındakı insanların hekayələrini öz adındanmış kimi müsahibələrində danışdığını iddia edib. Vəkil qeyd edib ki, müştərisi heç vaxt serb hərbi qruplaşmaları ilə birgə döyüşməyib, hətta hərbi xidmətdə belə olmayıb, lakin tanışlarının danışdıqları vasitəsilə Sarayevoya edilən o dəhşətli səfərlər barədə məlumatlı olub.
Fevralın 9-da aparılan dindirmələr zamanı 80 yaşlı keçmiş yük maşını sürücüsü G.V. də bənzər ittihamlarla ifadə vermiş və günahsız olduğunu bildirmişdi. İtaliyada bu qalmaqallı mövzu ilə bağlı araşdırma jurnalist-yazıçı Ezio Qavazzeninin 2025-ci ilin fevralında topladığı sənədlər əsasında etdiyi şikayətdən sonra başlayıb. Milan Baş Prokurorluğu bu şikayəti dəyərləndirərək müharibə vaxtı pul qarşılığında "insan ovuna" çıxan italyanların kimliyini və əməllərini üzə çıxarmağa çalışır.
Xatırladaq ki, 1992-ci il aprelin 6-da başlayan və 3,5 il davam edən Sarayevo mühasirəsi zamanı 1601-i uşaq olmaqla, ümumilikdə 11 min 541 mülki vətəndaş həyatını itirib, şəhərin tarixi və mədəni abidələrinə böyük ziyan dəyib.



