Tramp: İrana hücum etməklə Yaxın Şərqi xilas etdik
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Körfəz ölkələrini Tehranın nüvə zərbəsindən və işğalından xilas edib.
AFN.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
Ağ Ev rəhbəri İranın nüvə proqramı ilə bağlı təhlükənin kritik həddə çatdığını vurğulayıb: "İranın bir ay, bəlkə də iki həftə ərzində nüvə silahı olacaqdı və onlar bunu İsrailə, Yaxın Şərqə, həmçinin bizə qarşı istifadə edəcəkdilər. Təkcə İsrail deyil, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ — bütün bu ölkələr zərbələrə məruz qalanda şoka düşəcəkdilər. Onlar bütün Yaxın Şərqi ələ keçirmək istəyirdilər və biz onları dayandırdıq".
Tramp həmçinin sələfi Barak Obamanı Tehranla bağladığı nüvə sazişinə görə kəskin tənqid edərək, bunu tarixin ən pis sövdələşməsi adlandırıb. Prezidentin sözlərinə görə, həyata keçirilən son hərbi addımlar regionda qüvvələr nisbətini tamamilə dəyişib.
Qeyd edək ki, Tramp administrasiyası İrana qarşı "maksimum təzyiq" siyasətini hərbi müstəvidə daha qətiyyətlə davam etdirəcəyini dəfələrlə bəyan edib.
