Macarıstanda yeni hökumətin mayın 6-7-də fəaliyyətə başlayacağı gözlənilir


Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn "Hörmət və Azadlıq" Partiyasının (Tisza) lideri Peter Macar yeni hökumətin böyük ehtimalla mayın 6-7-də vəzifəsinin icrasına başlayacağını bəyan edib.

AFN.az xəbər verir ki, paytaxt Budapeştdəki Şandor sarayında Prezident Tamaş Şuyok ilə görüşən Macar jurnalistlərə açıqlamasında bildirib ki, dövlət başçısı onu növbəti baş nazirliyə namizəd kimi təqdim edəcəyinə dair zəmanət verib. Siyasətçinin sözlərinə görə, parlamentin açılış sessiyasının mayın 6-sı və ya 7-si keçirilməsi planlaşdırılır.

"Seçicilərin bu böyük dəstəyindən sonra hökumət və rejimin mümkün qədər tez dəyişməsi macar millətinin maraqlarına xidmət edir", — deyə P. Macar vurğulayıb. O, hökumət strukturunda genişmiqyaslı islahatlar aparacağını, Viktor Orbanın dövründə mövcud olmayan səhiyyə, ətraf mühit və təhsil nazirliklərini yenidən quracağını açıqlayıb.

Peter Macar həmçinin hazırkı prezidentin istefasını tələb etdiyini və Şuyokun bu təklifi "dəyərləndirəcəyini" qeyd edib. O, prezidentin "macar millətinin birliyini təmsil etməyə layiq olmadığını" iddia edərək bildirib ki, istefa baş verməsə, yeni hökumət konstitusiya dəyişikliyi yolu ilə onu vəzifədən uzaqlaşdıracaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu