Aİ "Google"ın məlumatlarını paylaşmasını istəyir
Avropa İttifaqı (Aİ) Komissiyası "Google"a axtarış sistemi məlumatlarını üçüncü tərəflərlə paylaşmağı təklif edib.
AFN.az xəbər verir ki, Aİ Komissiyası Rəqəmsal Bazarlar Aktına (DMA) uyğunluğu təmin etmək məqsədilə hazırlanan tədbirlər planının "Google" şirkətinə təqdim edildiyini açıqlayıb. Açıqlamada bildirilir ki, texnologiya nəhəngi axtarış sıralamaları, istifadəçi sorğuları və klikləmə məlumatlarını rəqiblərinə açmalıdır.
Bu tədbirlərlə üçüncü tərəf axtarış sistemləri və süni intellekt əsaslı çat tətbiqlərinin məlumatlara çıxış əldə edərək xidmətlərini təkmilləşdirməsi hədəflənir. Məqsəd "Google Search"ün bazardakı güclü mövqeyinə qarşı daha sağlam rəqabət mühiti yaratmaqdır.
Aİ Komissiyası təkliflərin effektivliyini qiymətləndirmək üçün ictimai məsləhətləşmə prosesinə başlayıb. Maraqlı tərəflər mayın 1-nə qədər öz rəylərini bildirə bilərlər. Yekun qərarın isə 27 iyula qədər qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, qayda pozuntusu zamanı şirkətlərə qlobal dövriyyələrinin 10 faizinə qədər cərimə kəsilə bilər. Aİ Komissiyası rəqabət qaydalarını pozduğu üçün 2017-ci ildən bəri "Google"a ümumilikdə 9,7 milyard avrodan çox cərimə tətbiq edib.

