BMT: Hörmüz boğazında məhdudiyyətlər səbəbindən gəmi keçidi 95,3 faiz azalıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-İsrail ilə İran arasında müharibənin başlamasından bu yana Hörmüz boğazındakı məhdudiyyətlər səbəbindən gəmi keçidlərinin 95,3 faiz azaldığını açıqlayıb.
AFN.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) məlumatlarına əsaslanaraq, hərbi əməliyyatların başladığı 28 fevral tarixindən etibarən boğazdakı hərəkətliliyin demək olar ki, dayandığını qeyd edib. Düjarrik boğazdakı məhdudiyyətlərin qlobal təsirlərinə toxunaraq, əsas qida məhsullarının qiymətinin 6 faiz, Avropa üçün xam neftin qiymətinin isə 53 faiz artdığı barədə məlumat paylaşıb.
Bazarlar Hörmüz boğazındakı fasilənin uzanacağını nəzərə alaraq qiymət artımını davam etdirir. Dünən 102,63 dollara qədər yüksələn "Brent" markalı neftin bir bareli bu gün 105,75 dollara çatıb, ABŞ-ın "WTI" markalı xam nefti isə 101,47 dollardan alıcı tapıb. Neft qiymətlərinin bahalaşmasına səbəb boğazın səkkiz həftədən artıqdır nəqliyyat üçün bağlı qalması və ABŞ-İran danışıqlarındakı qeyri-müəyyənlikdir. Analitiklər əvvəlcə problemin aprel ayında həll olunacağını proqnozlaşdırsalar da, hazırda qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) axınının təxminən 20 faizinin keçdiyi bu marşrutun daha uzun müddət bağlı qalacağı gözlənilir. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın İranın "əvvəlcə boğaz açılsın, nüvə danışıqları sonra aparılsın" təklifinə mənfi yanaşdığı, bunun ABŞ-ın əlindəki strateji üstünlüyü zəiflədə biləcəyini düşündüyü bildirilir. Ekspertlər aşağı stok səviyyələri və ehtiyatların doldurulması zərurəti fonunda dəniz blokadası və tədarük məhdudiyyətləri səbəbindən neft qiymətlərinin gələcəkdə də yüksək qalacağını təxmin edirlər.
