Amerikalıların 53 faizi xarici siyasətdə digər ölkələrin maraqlarının nəzərə alınmadığını düşünür
ABŞ-da keçirilən rəy sorğusu nəticəsində "ABŞ-ın xarici siyasətinin digər ölkələrin maraqlarına məhəl qoymadığını" bildirənlərin sayının rekord həddə çatdığı müşahidə olunub.
AFN.az xəbər verir ki, mərkəzi ABŞ-da yerləşən "Pew Research" şirkəti 23-29 mart tarixlərində 3500-dən çox şəxsin iştirakı ilə genişmiqyaslı sorğu keçirib. Sorğu çərçivəsində iştirakçılara "ABŞ-ın xarici siyasət qərarları qəbul edərkən digər ölkələrin mənafelərini nə dərəcədə nəzərə aldığı" barədə sual ünvanlanıb.
Sorğunun nəticələrinə görə, "ABŞ xarici siyasətinin digər dövlətlərin maraqlarını görməzdən gəldiyini" düşünənlərin nisbəti ilk dəfə 53 faizə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2021-2025-ci illərdə hakimiyyətdə olan Co Bayden administrasiyasının dövründə, konkret olaraq 2023-cü ildə cəmi 27 faiz olaraq qeydə alınmışdı. Beləliklə, Amerika ictimaiyyətində ölkənin xarici siyasi kursunun tək tərəfli olması və digər ölkələrin haqlarını nəzərə almaması ilə bağlı narazılığın kəskin şəkildə artdığı üzə çıxıb.


