Pakistan Əfqanıstanın sərhəd postlarını məhv etdiyini açıqlayıb
Pakistan Silahlı Qüvvələri Çaman sərhəd bölgəsində Əfqanıstan hərbçilərinə məxsus bir neçə blokpostu və hərbi texnikanı məhv edib.
"Dawn" qəzetinin güc strukturlarına istinadən verdiyi məlumata görə, bu zərbələr Əfqanıstan tərəfinin "təhrikedilməz təcavüzünə" cavab olaraq endirilib.
Pakistan tərəfi "Qəzəb lil-Haq" (Haqqın qəzəbi) adlı hərbi əməliyyatın Əfqanıstan ərazisində sığınan qruplaşmalara qarşı yönəldiyini və hədəflərə çatana qədər davam edəcəyini bəyan edib. Sərhəddə döyüş toqquşmaları fevralın 26-dan etibarən yenidən şiddətlənib.
Əfqanıstan rəsmiləri isə öz növbələrində Pakistanın hava zərbələrinə cavab verdiklərini bildiriblər. Pakistanın müdafiə naziri Xavacə Asif tərəflər arasında faktiki olaraq açıq silahlı qarşıdurma vəziyyətinin yarandığını qeyd edib.
Qeyd edək ki, gərginliyin artması bölgədə humanitar vəziyyəti çətinləşdirib və minlərlə insanın sərhəd bölgələrindən köçməsinə səbəb olub.
