Qalaktikanın qədim ziyarətçisi: 3I/ATLAS çox qədim bir zamandan gəlib
Astronomlar sistemimizdən keçən 3I/ATLAS adlı ulduzlararası kometin Günəş sistemindəki bənzərlərindən 30 qat daha çox ağır suya sahib olduğunu və dondurucu bir mühitdə yarandığını kəşf ediblər.
AFN.az xəbər verir ki, Çilidəki ALMA radio teleskopundan istifadə edən tədqiqatçılar ötən ilin iyul ayında kəşf edilən və sistemimizdən keçib gedən 3I/ATLAS kometi üzərində apardıqları araşdırmalarda sarsıdıcı nəticələr əldə ediblər.
"Nature Astronomy" jurnalında dərc olunan araşdırmaya görə, bu göy cismi nəinki sistemimizdən kənardan gələn üçüncü obyekt olma xüsusiyyətini daşıyır, həm də öz günəş sistemimizdən tamamilə fərqli şəraitdə yarandığını sübut edən kimyəvi izlər barındırır. Tədqiqatın ən təəccüblü tapıntısı kometdə ilk dəfə hidrogenin bir izotopu olan deyteriumun aşkar edilməsi olub.
Aparılan ölçmələr 3I/ATLAS-dakı deyterium miqdarının Yer okeanlarından 40 qat, sistemimizdəki digər kometlərdən isə 30 qat daha çox olduğunu göstərib. Mütəxəssislər deyterium nisbətindəki bu hədsiz zənginliyin ancaq ulduzlararası fəzadakı dondurucu molekulyar buludlarda meydana gələ biləcəyini qeyd edirlər.
Kometin yarandığı mühitin temperaturunun mənfi 243 dərəcədən aşağı olduğu təxmin edilir ki, bu dondurucu soyuqluq həmin obyektin öz ulduz sisteminin ən uzaq guşələrində doğulduğunu və milyardlarla il ərzində bu strukturunu qoruduğunu sübut edir. Təxminən 11 milyard yaşında olduğu ehtimal edilən bu antik obyekt 4,5 milyard yaşlı Günəş sistemimizdən qat-qat qədimdir.
Astronomlar 3I/ATLAS-ı Süd Yolu qalaktikasının hələ metal baxımından zənginləşmədiyi çox qədim dövrlərindən gələn bir zaman kapsulu kimi xarakterizə edirlər. Bu növ ulduzlararası ziyarətçilər təkcə öz fiziki strukturları haqqında deyil, həm də qalaktikamızın milyardlarla il əvvəlki təkamül prosesi və digər planet sistemlərinin yaranma şəraiti barədə əvəzolunmaz ipucuları təqdim edir.


