İrana məxsus tanker ABŞ blokadasını yarıb
İran Milli Tanker Şirkətinə (NITC) məxsus "HUGE" adlı nəhəng xam neft tankerinin (VLCC) ABŞ-ın blokada maneəsini aşaraq Uzaq Şərq sularına çatdığı elan edilib.
AFN.az xəbər verir ki, Fars Xəbər Agentliyi təxminən 220 milyon dollar dəyərində, 1 milyon 900 min barreldən çox xam neft daşıyan tankerin beynəlxalq naviqasiya məlumatlarını paylaşıb.
Təqdim olunan göstəricilərə görə, sonuncu dəfə Şri-Lanka sahillərində aşkar edilən tankerin 20 mart 2026-cı il tarixindən etibarən avtomatik identifikasiya sistemini (AIS) söndürərək gizlilik taktikaları tətbiq etdiyi və İndoneziyadakı Lombok boğazı vasitəsilə Riau adalarına doğru yoluna davam etdiyi qeyd olunub.
Mütəxəssislər bildirir ki, ABŞ-ın sərt dəniz nəzarətinə baxmayaraq, İranın "kölgə donanması" müxtəlif logistik manevrlərlə neft ixracını davam etdirməyə çalışır. Bu hadisə bölgədəki hərbi gərginlik fonunda İranın enerji ixracatını qorumaq strategiyasının mühüm bir hissəsi kimi qiymətləndirilir.

