Cənubi Koreyanın Hörmüz boğazındakı gəmisində partlayışdan sonra yanğın baş verib
Cənubi Koreya rəsmiləri Hörmüz boğazında Panama bayrağı altında üzən və Koreya şirkəti tərəfindən idarə olunan gəmidə partlayış baş verdiyini və ardınca yanğın qeydə alındığını bildirib.
AFN.az xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Seul mərkəzli "HMM Co." şirkətinin istismar etdiyi gəmi Birləşmiş Ərəb Əmirlikləri sahillərində lövbər saldığı zaman yerli vaxtla saat 20:40 radələrində qəfil partlayışa məruz qalıb.
Bildirilib ki, gəmi heyəti 6-sı Cənubi Koreya vətəndaşı, 18-i isə əcnəbi olmaqla ümumilikdə 24 nəfərdən ibarətdir və ilkin məlumatlara əsasən hadisə nəticəsində can itkisi qeydə alınmayıb. Hazırda partlayış və yanğın nəticəsində gəmiyə dəyən zərərin miqyası araşdırılır.
Nazirlik rəsmisi gəmiyə qarşı mümkün hücum ehtimallarının da nəzərdən keçirildiyini qeyd edərək, vətəndaşların təhlükəsizliyi ilə bağlı narahatlığa əsas olmadığını vurğulayıb. Qeyd edək ki, hazırda strateji əhəmiyyətli Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən 26 gəmi fəaliyyət göstərir.


