Venesuela BMT Baş katibinə etiraz etdi: Qərəzli və qeyri-obyektivdir


Venesuela hökuməti BMT-nin Baş katibi Antonio Quterreşin prezident Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı bəyanatlarına kəskin etirazını bildirib.

AFN.az xəbər verir ki, Venesuela Xarici İşlər naziri İvan Xil Pintonun "Telegram" kanalında paylaşılan rəsmi kommünikedə Baş katibin fikirlərinin BMT Nizamnaməsində təsbit olunmuş obyektivlik, təmkinlilik və qərəzsizlik prinsiplərinə zidd olduğu vurğulanıb.

Venesuela hökuməti hesab edir ki, Quterreşin bəyanatları Baş katibliyin nüfuzunun pisləşməsini və onun dünyadakı böyük münaqişələrin həllinə töhfə vermək iqtidarında olmadığını göstərir: "Fələstin xalqının soyqırımı davam etdiyi, müharibələr genişləndiyi bir vaxtda BMT Baş katibliyi sükut nümayiş etdirir və ya qeyri-müəyyən mövqe tutur".

Bəyanatda xatırladılıb ki, BMT Nizamnaməsinin 100-cü maddəsi Baş katibi neytrallıq prinsiplərinə əsaslanaraq beynəlxalq hüquq normalarına riayət etməyə borclu edir.

Qeyd edək ki, yanvarın 3-də ABŞ-ın Venesueladakı mülki və hərbi obyektlərə hücumu nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq ölkədən çıxarılıb. Yanvarın 5-də Nyu-York federal məhkəməsi qarşısına çıxarılan cütlük özlərini təqsirli bilməyiblər. Hazırda dövlət başçısı funksiyalarını Maduronun dövründə vitse-prezident olan Delsi Rodriqes icra edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu