Microsoft-un İsraillə əməkdaşlığı üzə çıxdı: İdarəetmə mərkəzi Fransaya köçürüldü



ABŞ-ın texnologiya şirkəti Microsoft-un texnoloji sistemləri və proqram təminatının İsrail ordusunun Qəzza zolağına hücumlarında istifadə edildiyinin ortaya çıxmasından sonra şirkətin İsrail ofisinin fəaliyyətinin müvəqqəti olaraq Fransadan idarə olunmasına qərar verildiyi bildirilib.

AFN.az xəbər verir ki, İsraildə yayımlanan “Globes” iqtisadi qəzetinin yazdığına görə, Microsoft-un baş ofisinin məsələ ilə bağlı başladığı araşdırmanın nəticəsində şirkətin İsrail üzrə baş direktoru Alon Haimovich vəzifəsindən ayrılıb.

Məlumata görə, Microsoft-un ABŞ-dakı baş qərargahından bir nümayəndə heyəti İsrail ordusu ilə əməkdaşlığın xarakterini araşdırmaq üçün son həftələrdə Təl-Əvivi ziyarət edib. Aparılan yoxlamalar zamanı İsrail Müdafiə Nazirliyinin şirkətin sistemlərindən istifadə edərkən tam şəffaflıq prinsipi ilə hərəkət etmədiyi müəyyən olunub.

Bildirilir ki, Microsoft İsrail ofisinə yeni baş direktor təyin olunana qədər ofis müvəqqəti olaraq Microsoft Fransadan idarə olunacaq.

Digər tərəfdən, Təl-Əviv rəhbərliyi və Microsoft-un İsrail ofisi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Microsoft ötən ilin sentyabrında bulud xidmətlərinin Qəzza və İordan çayının qərb sahilində yaşayan mülki şəxslərin izlənməsi üçün istifadə edildiyinə dair sübutlar aşkar edildikdən sonra İsrail Müdafiə Nazirliyinə təqdim etdiyi bəzi xidmətləri dayandırdığını və deaktiv etdiyini açıqlamışdı.

İsrail Microsoft vasitəsilə fələstinlilərə aid 200 milyon saatlıq səs yazısını saxlayıb.

Məlumata görə, Microsoft İsrail ordusunun İordan çayının qərb sahili və Qəzza zolağında fələstinlilərin həyata keçirdiyi milyonlarla saat telefon danışığının səs yazılarını saxlaya bilməsi üçün “Azure” bulud platformasının xüsusi versiyasını hazırlayıb.

Təl-Əvivdə fəaliyyət göstərən “+972” adlı internet saytının Local Call nəşri və The Guardian qəzeti ilə birgə apardığı araşdırma İsrail hərbi kəşfiyyatının “8200” bölməsi tərəfindən Microsoft platformasında saxlanılan telefon danışığı qeydlərinin ölümcül hava və quru hücumları üçün kəşfiyyat məlumatı kimi istifadə olunduğunu ortaya qoyub.

Microsoft isə şirkətin istehsal etdiyi texnologiyanın Qəzzadakı fələstinlilərə zərər vermək üçün istifadə edildiyinə dair heç bir sübut tapmadığını iddia edib. Şirkət sözçüsü aparılan araşdırmaya cavab olaraq məhsullarının mülki şəxslərin izlənməsi üçün istifadə olunduğundan xəbərsiz olduqlarını bildirib.

Microsoft-dan sızdırılan sənədlər İsrail ordusuna aid məlumatların böyük hissəsinin Niderlanddakı Microsoft serverlərində, bir qisminin isə İrlandiya və İsraildə saxlanıldığını göstərib.

Qeyd olunub ki, ümumi həcmi 11 min 500 terabayt olan bu məlumatlar fələstinlilərə məxsus telefon danışığının təxminən 200 milyon saatlıq səs yazısına bərabərdir.

Associated Press (AP) tərəfindən 2025-ci ilin əvvəlində aparılan araşdırmada isə Microsoft və OpenAI-ın süni intellekt modellərinin Qəzza və Livanda bombardman hədəflərinin seçilməsi üçün İsrailin hərbi proqramının bir hissəsi kimi istifadə edildiyi ortaya çıxarılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu