Süni zəka xərcləri 2,59 trilyon dollara çata bilər
Qlobal süni zəka xərclərinin bu il gözləniləndən daha sürətlə artaraq 2,59 trilyon dollara çatacağı proqnozlaşdırılır.
AFN.az xəbər verir ki, ABŞ-da yerləşən araşdırma və məsləhət şirkəti "Gartner"in yayımladığı hesabata görə, dünya miqyasında süni zəka xərclərinin 2026-cı ildə illik bazda 47 faiz artım qeydə alacağı nəzərdə tutulur.
Şirkət yanvar ayında etdiyi proqnozlarda bu həcmin 2,5 trilyon dollar səviyyəsində reallaşacağını təxmin etmişdi.
Hesabatda həmçinin, mürəkkəb tapşırıqları böyük ölçüdə müstəqil şəkildə yerinə yetirə bilən süni zəka agentlərinin geniş yayılması ilə süni intellekt modellərinə yönəlik qısamüddətli böyümə proqnozunun 110 faizə yüksəldildiyi və bu sahəyə təkcə bu il 6 milyard dollarlıq əlavə xərcin əlavə edildiyi qeyd olunub.
"Gartner"in vitse-prezidenti və baş analitiki Con-Devid Lovelok mövzu ilə bağlı dəyərləndirməsində süni intellekt infrastruktur xərclərinin bazardan 45 faizdən çox pay alacağını bildirərək, süni intellekt üçün optimallaşdırılmış server xərclərinin qarşıdakı 5 ildə 3 dəfə artacağını, bulud xidməti təminatçılarının isə generasiyaedici süni zəka modelləri və avtonom süni zəka agentlərinin yaradacağı iş yükünü nəzərə alaraq potensiallarını artırdıqlarını vurğulayıb.
Süni zəka investisiyalarını indiyədək böyük texnologiya şirkətləri və bulud təminatçılarının idarə etdiyini çatdıran Lovelok ənənəvi şirkətlərin xərcləmə potensiallarının tam əks olunmadığına diqqət çəkib.
Trendin əksinə dönməyə başladığını vurğulayan Lovelok şirkətlərin xərcləmə potensiallarını sahəyə yansıtacağı 2026-cı ilin bu mənada bir qırılma nöqtəsi olacağını, təşkilatların hazırda süni intellektə köklü dəyişikliklər yerinə səmərəliliyi tədricən artıracaq taktiki addımlarla yanaşdığını, buna görə də informasiya texnologiyaları rəhbərlərinin investisiyaların konkret ticari nəticələrini sübut etməkdə çətinlik çəkdiklərini, uğur üçün isə süni zəka təşəbbüslərinin strateji iş hədəfləri ilə uyğunlaşdırılmasının vacib olduğunu qeyd edib.
