ABŞ Maduroya yeni ittihamlar irəli sürmək üçün təhqiqata başlayıb - media
ABŞ-ın federal prokurorları Venesuela prezidenti Nikolas Maduroya qarşı çirkli pulların yuyulması ilə bağlı yeni ittihamlar irəli sürmək məqsədilə növbəti təhqiqata başlayıblar.
AFN.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bununla bağlı göstəriş hələ mart ayında verilib. Buna səbəb isə ABŞ hakimiyyətinin Venesuela liderinə qarşı ilkin ittihamların məhkəmədə zəif görünə biləcəyindən ehtiyat etməsidir.
Telekanal qeyd edir ki, yeni təhqiqat dalğası Maduro ilə sıx əlaqələri olan Kolumbiya əsilli Venesuela vətəndaşı Aleks Naim Saab Moranın Venesueladan ABŞ-a deportasiya edilməsindən sonra aktivləşib. Saab Moran 2026-cı ilin yanvarına qədər Venesuelanın sənaye və milli istehsalat naziri vəzifəsini tutub və hazırda dövlət vəsaitlərini mənimsəməkdə, həmçinin çirkli pulların yuyulmasında ittiham olunur.
Maduroya qarşı aparılan yeni təhqiqatda Federal Təhqiqat Bürosu (FTB), Daxili Təhlükəsizlik Nazirliyi və ABŞ-ın daxili gəlirlər xidmətinin (vergi idarəsi) müstəntiqləri birgə iştirak edirlər.




