Hondurasda iki ayrı hücumda 6-sı polis olmaqla 24 nəfər öldürülüb



Mərkəzi Amerika ölkəsi Hondurasın şimalında mütəşəkkil cinayətkar dəstələrin təşkil etdiyi iki ayrı hücumda 6-sı polis olmaqla 24 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, ölkənin şimalındakı Truxillo bölgəsində kənd təsərrüfatı işçilərinə atəş açan silahlı şəxslər 18 nəfəri qətlə yetirib, Qvatemala sərhədi yaxınlığındakı Omoa bölgəsində isə polis karvanı pusquya salınıb.

İki ayrı hücumda ümumilikdə 6 polis və 18 mülki şəxs həyatını itirib.

Prokurorluğun sözçüsü Yuri Mora yerli HCH televiziya kanalına verdiyi açıqlamada iki fərqli nöqtədə işlərin davam etdiyini, ilk qrupun indiyə qədər 13 cənazənin şəxsiyyətini müəyyən etdiyini, ikinci qrupun isə həyatını itirən 6 nəfərin qeydiyyatını apardığını bildirib.

Qətliamın baş verdiyi Riqores kəndinə qonşu olan bir icmanın rəhbəri bölgədə təhlükəsizliyin qalmadığını vurğulayaraq, ətrafda silah səslərinin kəsilmədiyini, insanların artıq rahatlıqdan məhrum olduğunu və gecələri qorxu içində keçirdiklərini qeyd edib.

Təhlükəsizlik naziri Qerzon Velaskes jurnalistlərə açıqlamasında hücumda həyatını itirənlərin böyük ehtimalla uzun lüləli silahlarla öldürüldüyünü söyləyib.

Baş verənləri dəhşət adlandıran Velaskes bunun bölgədə misli görünməmiş bir hadisə olduğunu, lakin sözügedən ərazinin uzun illərdir narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstələr və kənd təsərrüfatı torpaqlarının işğalı səbəbindən münaqişə ocağı olduğunu bildirib.

Hücumların Konqresin mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində yeni təhlükəsizlik islahatlarını qəbul etdiyi həftədə baş verməsi diqqət çəkib. Hökumət isə son illərdə ölkədəki cinayət hallarının azaldığını iddia edirdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu