Litva hava məkanının pozulması ilə bağlı Belarusa kəskin etiraz edib


Litva Xarici İşlər Nazirliyinə çağırılan Belarusun müvəqqəti işlər vəkili dövlət sərhədində hava məkanının pozulması hadisəsi ilə əlaqədar rəsmi Vilnüsün kəskin etiraz notasını qəbul edib.

AFN.az "LRT" teleradio şirkətinə istinadən xəbər verir ki, Litva XİN-in bəyanatına görə, çərşənbə gecəsi baş verən bu insident mülki aviasiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradıb və Vilnüs Beynəlxalq Hava Limanı üzərindəki hava məkanının müvəqqəti məhdudlaşdırılmasına səbəb olub. Görüş zamanı Belarus diplomatına xatırladılıb ki, bu cür davamlı hadisələr Litvaya qarşı qəsdən törədilən hibrid hücumlar kimi qiymətləndirilir.

"Litva Hava Limanları" şirkətinin məlumatına görə, tətbiq edilən məhdudiyyətlər iki reysə təsir edib və 120-dən çox sərnişin üçün narahatlıq yaradıb. Belə ki, təyyarələrdən biri Kopenhaqen hava limanına yönləndirilib, digər reys isə tamamilə ləğv olunub. Nazirlik Belarusdan gələcəkdə bu cür halların təkrarlanmaması üçün dərhal effektiv tədbirlər görməsini tələb edib.

"ELTA" agentliyinin məlumatına görə, Belarus ərazisindən buraxılan qaçaqmalçılıq hava şarları səbəbindən yaranan böhranla əlaqədar Litva hökuməti hələ ötən ilin son rübündə ölkə boyu fövqəladə vəziyyət elan etmişdi. Həmin təhlükə səbəbindən ötən ilin oktyabr, noyabr və dekabr aylarında Vilnüs hava limanının fəaliyyəti dəfələrlə dayandırılmışdı və Litva məsələ ilə bağlı artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib. Sonuncu insident zamanı da Belarusdan buraxılan meteoroloji qaçaqmalçılıq şarları ucbatından Vilnüs aeroportunun hava məkanı bir saatlıq qapadılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu