ABŞ və İran ən böyük diplomatik irəliləyişə yaxınlaşıblar - media
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş saziş layihəsi üzrə yekun qərar vermək üçün milli təhlükəsizlik komandasını topladığını bəyan edib.
AFN.az "Axios" nəşrinə istinadən xəbər verir ki, memorandum atəşkəsin 60 gün uzadılmasını və Hörmüz boğazının açılmasını nəzərdə tutur. Tramp İranın nüvə silahından imtina etməsini, boğazın rüsumsuz açılmasını və dəniz minalarının təmizlənməsini tələb edir, bunun müqabilində ABŞ-ın dəniz blokadası qaldırılacaq. Vaşinqton uranın çıxarılması ilə bağlı şifahi razılıq olduğunu desə də, İrana hələlik heç bir vəsait ödənilməyəcəyini bildirib.
İranın "Fars" agentliyi isə Trampı sənədi təhrif etməkdə ittiham edib. Tehrandakı mənbələr boğazın yalnız daxili inspeksiya qaydaları ilə açılacağını, layihədə İrana dərhal 12 milyard dollar ödənilməsi və Livanda "Hizbullah"ın şərtlərinə uyğun atəşkəs bəndinin olduğunu iddia edirlər.
ABŞ tərəfi Livanda atəşkəsi təsdiqləsə də, maliyyə vəsaitinin yalnız tam nüvə sazişindən sonra veriləcəyini vurğulayır.
