Google-dan təbiətə müdaxilə: 32 milyon laboratoriya ağcaqanadı sərbəst buraxılacaq



Texnologiya nəhəngi Google Qərbi Nil, Zika və Danq qızdırması da daxil olmaqla ölümcül virusların yayılmasının qarşısını almaq məqsədilə Kaliforniya və Florida ştatlarında 32 milyon xüsusi istehsal olunmuş ağcaqanadı təbiətə buraxmaq üçün federal hökumətə müraciət edib.

AFN.az xəbər verir ki, dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Google ictimai sağlamlığı təhdid edən ölümcül epidemiyalarla mübarizə aparmaq üçün fəaliyyət istiqamətini biotexnologiyaya yönəldib.

Şirkətin təxminən on ildir ictimaiyyətdən gizli şəkildə həyata keçirdiyi "Debug" təşəbbüsü növbəti iki il ərzində Kaliforniya və Florida ştatlarını nəhəng bir sınaq meydançasına çevirməyi planlaşdırır.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) təsdiqinə təqdim olunan layihə ilə xüsusilə ABŞ-da ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərin başında gələn Qərbi Nil virusu, həmçinin Sent-Luis ensefaliti, Danq qızdırması, Zika və Sarı qızdırma kimi təhlükəli virusları yayan ağcaqanad populyasiyasının kökünün kəsilməsi hədəflənir.

Kaliforniyanın Riverside bölgəsində yeni Qərbi Nil virusu hallarının təsdiqlənməsi isə layihənin zamanlamasının əhəmiyyətini daha da artırır.

Layihənin əsas strategiyası laboratoriya şəraitində təbiətdə öz-özünə mövcud olan "Wolbachia" adlı bakteriya ilə yoluxdurulmuş erkək ağcaqanadların təbiətə buraxılmasına əsaslanır.

Bu bakteriyanı daşıyan erkək ağcaqanadlar təbiətdəki vəhşi dişi ağcaqanadlarla cütləşdikdə meydana gələn yumurtalar yaşaya bilmir.

Beləliklə, hədəfə alınan zərərli ağcaqanad populyasiyası zaman keçdikcə təbii yolla yox olur.

Bölgə əhalisinin ən böyük narahatlıqlarından biri olan daha çox dişlənmə qorxusuna da aydınlıq gətirən mütəxəssislər insanları yalnız dişi ağcaqanadların dişlədiyini, təbiətə buraxılacaq milyonlarla həşəratın isə erkək olması səbəbindən yeni bir dişləmə təhlükəsi yaratmayacağını vurğulayırlar.

Yerli ağcaqanadlara nəzarət agentlikləri də kimyəvi dərmanlama üsullarına qarşı bu cür bioloji alternativlərin uzun müddətdir araşdırıldığını ifadə edirlər.

Google bu nəhəng əməliyyatın logistika və istehsal mərhələsini tamamilə qabaqcıl texnologiya vasitəsilə həll edir.

Milyonlarla ağcaqanadın sağlam şəkildə yetişdirilməsi, cinslərinə görə xətasız formada ayrılması və düzgün bölgələrə planlı şəkildə buraxılması prosesində süni intellekt alqoritmləri və təkmilləşdirilmiş robotik sistemlər dövriyyəyə girir.

Layihənin ekoloji balansda qalıcı bir uğur qazana bilməsi üçün ehtiyac duyulan nəhəng miqyasdakı istehsal bu avtonom sistemlər sayəsində sıfır xəta ilə həyata keçirilə bilir.

Google-un bu addımı Amerika ictimaiyyətində böyük rezonans doğurmaqla yanaşı bəzi müzakirələri də bərabərində gətirib.

Layihəni epidemiya xəstəliklərinin qarşısını ala biləcəyi üçün həyəcanverici hesab edənlərlə yanaşı evlərinin arxa baxçasında milyonlarla süni ağcaqanadın uçması ideyasına isti baxmayan və işlərin tərs getməsindən narahat olan vətəndaşlar da var.

Bəzi yerli sakinlər bu cür böyük bioloji təcrübələrin öz ştatları yerinə başqa yerlərdə sınaqdan keçirilməsinə üstünlük verdiklərini bildirirlər.

Ətraf Mühitin Mühafizəsi Agentliyi iyunun 5-nə qədər xalqın rəy və şərhlərini toplamağa davam edəcək, ardınca isə sınaq icazəsinin verilib-verilməyəcəyinə dair yekun qərarını açıqlayacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu