Pentaqon jurnalistlərin mətbuat ofisinə girişini qadağan etdi



ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nazirliyin mətbuat ofisini gizli zona elan edərək jurnalistlərin bura daxil olmasını qadağan edib.

AFN.az xəbər verir ki, "Washington Post" qəzetinə adlarının açıqlanmaması şərti ilə danışan dörd mənbə Pentaqonun mətbuat mənsublarının sözügedən ofisə girişinin məhdudlaşdırılması barədə yeni qərar qəbul etdiyini iddia edib.

Qəzetin xəbərinə görə, həmin şəxslər Pentaqonun yeni tətbiqinin ötən həftə qüvvəyə mindiyini və bu dəyişikliyin əvvəlki administrasiyalarla müqayisədə yeni bir maneə yaratdığını bildiriblər.

Xəbərdə qeyd olunub ki, əvvəlki rəhbərliklər dövründə bu ofis jurnalistlərin müşayiət olmadan hərbi ictimaiyyətlə əlaqələr rəsmilərinin masalarına yaxınlaşa bildiyi açıq bir məkan idi.

Pentaqon müxbirlərinin binaya girişinin qurumun mətbuat qaydaları ilə bağlı məhkəmə prosesləri davam etdiyi üçün hələ də böyük ölçüdə məhdudlaşdırıldığı bildirilən xəbərdə yeni dəyişikliklə birlikdə jurnalistlərin məhkəmənin sonunda Pentaqona daxil olmaq hüququnu geri qazansalar belə əvvəllər sərbəst şəkildə hərəkət edə bildikləri mətbuat ofisinə girişlərinin məhdudlaşdırılacağı vurğulanıb.

Mövzu ilə bağlı "Washington Post" qəzetinə açıqlama verən Pentaqonun mətbuat katibi əvəzi Coel Valdes jurnalistlərin bundan sonra mətbuat ofisinə daxil olmasına icazə verilməyəcəyi barədə məlumatı təsdiqləyib və Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə müavini və mətbuat katibinin ofisinə girişin yalnız öncədən görüş təyin edilməklə mümkün olacağını qeyd edib.

Müdafiə naziri Pit Heqsetin mətbuat mənsublarına tətbiq edilən qadağadan sonra, mart ayında "New York Times" qəzetinin açdığı məhkəmə iddiası nəticəsində federal hakim sözügedən məhdudiyyətləri ləğv etmiş, lakin ABŞ Prezidenti Donald Trampın komandası bu qərardan apellyasiya şikayəti vermişdi.

"New York Times" may ayında ikinci dəfə məhkəməyə müraciət edərək jurnalistlərin Pentaqon daxilində hərəkət etmək üçün onları müşayiət edən bir şəxsin olması məcburiyyətinə açıq şəkildə etirazını bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu