ABŞ mediası ilə Pentaqon arasında böhran dərinləşir


ABŞ Müdafiə Nazirliyinin (Pentaqonun) tətbiq etdiyi yeni mətbuat siyasəti ölkənin aparıcı media orqanlarının sərt tənqidi ilə üzləşib.

Yeni qaydalara əsasən, jurnalistlər “icazəsiz sənəd əldə etməmək” barədə öhdəlik götürməli və müəyyən hərbi ərazilərə yalnız müşayiətçi vəzifəli şəxsin iştirakı ilə daxil ola biləcəklər.

Washington Post, New York Times, CNN, Reuters, Associated Press, NPR, Guardian, HuffPostAtlantic kimi nüfuzlu media qurumları Pentaqonun tələb etdiyi sənədi imzalamaqdan imtina etdiklərini açıqlayıblar.

Washington Postun baş redaktoru Matt Murray bildirib ki, bu məhdudiyyətlər məlumat toplama və yayma azadlığına əsassız maneələr yaradır və Konstitusiyanın mətbuat azadlığına dair təminatlarına ziddir.

New York Times-ın Vaşinqton bürosunun rəhbəri Riçard Stivenson isə qeyd edib ki, illik təxminən 1 trilyon dollarlıq vergi vəsaiti ilə maliyyələşən ordunun necə fəaliyyət göstərdiyini ictimaiyyət bilməlidir.

Müdafiə naziri Pit Hegset isə mediaya sosial şəbəkə üzərindən istehzalı reaksiya verib. “X” platformasında “əlvida” mənasına gələn əl yelləmə emojisi paylaşan nazir daha sonra “Mətbuat artıq sərbəst hərəkət edə bilməyəcək, şəxsiyyət vəsiqəsini açıq daşıyacaq və cinayət xarakterli məlumat toplaya bilməyəcək” yazıb.

Pentaqon sözçüsü Şon Parnell isə jurnalistlərin ifrat reaksiya verdiyini söyləyərək “Siyasət sadəcə başa düşülməsini istəyir, razılığınızı yox” deyib.

Pentaqon Müxbirləri Assosiasiyası (PPA) bəyan edib ki, yeni qaydalar jurnalistləri susdurmaq və cəza ilə hədələmək məqsədi daşıyır. Açıqlamada vurğulanıb ki, bu addım Pentaqon əməkdaşlarına mətbuatla icazəsiz danışmağın cinayət olduğu təəssüratını yaradır.

HuffPost-un baş redaktoru Uhitni Snayder deyib ki, bu sənəd ölkənin ən böyük və ən çox maliyyələşən qurumunda real jurnalistikanı boğmaq məqsədi daşıyır.

NPR-ın baş redaktoru Tomas Evans isə bəyan edib ki, müstəqil və etibarlı xəbər prinsiplərini pozacaq heç bir sənədi imzalamayacaqlar.

Sağ meylli Newsmax kanalı da sənədi imzalamaqdan imtina edib və Pentaqonu siyasəti yenidən nəzərdən keçirməyə çağırıb. İfrat sağ mövqeli One America News (OAN) isə qaydaları qəbul etdiyini bildirib. Kanalın aparıcısı və sabiq konqres üzvü Met Qeyts qeyd edib ki, bu məntiqli şərtlərə əməl etməkdən məmnundular.

Ekspertlər hesab edirlər ki, Pentaqonun bu addımı ABŞ Konstitusiyasının birinci düzəlişi ilə təmin olunan mətbuat azadlığını birbaşa pozur. Tənqidçilərin fikrincə, yeni siyasət dövlət qurumlarının ictimai hesabatlılığını zəiflədir və cəmiyyətin məlumat alma hüququnu məhdudlaşdırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu