Böyük Britaniyada etirazlara səbəb olan Henri Novak qətli



Böyük Britaniyanın Sauthempton şəhərində 18 yaşlı universitet tələbəsi Henri Novakın bıçaqlanaraq öldürülməsi və sonradan ortaya çıxan saxlanılma görüntüləri ölkə daxilində böyük rezonansa və şiddətli etirazlara yol açıb.

AFN.az xəbər verir ki, hadisə polisin müdaxilə forması, irqçilik iddiaları və təhlükəsizlik siyasəti üzərindən siyasi böhrana çevrilib.

Hadisə 3 dekabr 2025-ci il tarixində Sauthemptonda baş verib. 18 yaşlı maliyyə fakültəsinin tələbəsi Henri Novak 23 yaşlı Vikrum Diqva tərəfindən beş dəfə bıçaqlanaraq qətlə yetirilib.

Qatil şübhəlisi Diqva hadisə yerinə gələn polis əməkdaşlarına özünün irqçi təhqirlərə məruz qaldığını iddia edib.

Məhkəmə prosesində və sonradan ictimaiyyətə sızan görüntülərdə polisin ağır yaralı olan və yerdə can verən Henri Novaka qandal vurduğu müəyyən edilib.

Qeydlərdə Novakın "Bıçaqlanmışam" dediyi, bir polis əməkdaşının isə "Elə olduğunu düşünmürəm, dostum" şəklində cavab verdiyi eşidilib.

Qatil şübhəlisi Diqva isə ən azı 21 ili kamerada keçirilmək şərtilə ömürlük həbs cəzasına məhkum edilib.

Saxlanılma görüntülərinin yayılmasından sonra polisin rəftarına etiraz edən yüzlərlə insan Sauthempton Mərkəzi Polis Bölməsinin qarşısına toplaşıb.

Ultra-sağçı aktivist Tommi Robinson və "Reform UK" partiyasının lideri Naycel Faraj kimi şəxslərin bəyanatları ilə alovlanan gərginlik qısa müddətdə şiddətli qarşıdurmalara çevrilib.

Çevik polis ilə qarşı-qarşıya gələn nümayişçilər asayiş keşikçilərinə kərpic, şüşə, stul və məşəllər atıblar.

Qatil Diqvanın ailəsinin yaşadığı küçəyə girməyə çalışan kütlənin qarşısını almaq üçün polis barrikadalar qurub və qalxanlarla müdaxilə edib.

Hadisələr zamanı polis avtomobillərinə ziyan dəyib, biri polis əməkdaşına hücum, digəri isə silah saxlama ittihamı ilə olmaqla iki nəfər saxlanılıb.

Baş nazir Kir Starmer görüntüləri izləyərkən özünü pis hiss etdiyini bildirərək, polisin qərar qəbuletmə prosesində irqçilik ittihamlarının necə bir rol oynadığının müəyyən edilməsi üçün hərtərəfli təhqiqat aparılması barədə göstəriş verib.

Daxili işlər naziri Şabana Mahmud və polis məsələləri üzrə nazir Sara Cons küçələrdəki zorakılıq hərəkətlərini tamamilə qəbuledilməz adlandırıblar.

Yaşanan bütün iğtişaşlara və siyasi müzakirələrə baxmayaraq, qurbanın atası Mark Novak təmkin nümayiş etdirməyə çağırıb.

O, hadisənin din və ya irq davası olmadığını, diqqətin bıçaqlı cinayətlərlə mübarizəyə yönəldilməli olduğunu vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu