Təyyarədə qəza çıxışı qapısını açmağa çalışan sərnişin təhlükə yaratdı
Porto-Rikodan Çikaqoya gedən "Frontier Airlines" aviaşirkətinə məxsus təyyarə bir sərnişinin qəza çıxışı qapısını açmağa çalışması, kabinə hücum etməsi və xidmətdə olmayan bir təyyarə bələdçisini boğmağa cəhd göstərməsi səbəbindən Mayami Beynəlxalq Hava Limanına təcili eniş edib.
AFN.az xəbər verir ki, polis qeydlərinə və federal cinayət işi materiallarına əsasən, hadisə "Frontier Airlines"ın San-Xuan - Çikaqo reysini həyata keçirən 3345 nömrəli uçuşu zamanı baş verib.
Təyyarə havaya qalxdıqdan təxminən 45 dəqiqə sonra 51 yaşlı Xuan Qabriel Reyes adlı sərnişin təyyarədən düşmək istədiyini bildirərək səs-küy salmağa və qəza çıxışı qapısını zorla açmağa başlayıb.
Qapını açmasının qarşısı alınan Reyes bu dəfə pilot kabininə tərəf yönələrək qapını çiyinləri ilə aqressiv şəkildə itələyib.
Kabin heyətinin müdaxiləsi ilə qapıdan uzaqlaşdırılan Reyes sakitləşdirilib.
Hadisədən sonra başqa bir oturacağa keçirilən Reyesin yanına təhlükəsizlik məqsədilə təyyarədə sərnişin qismində olan və həmin vaxt xidmətdə olmayan bir kişi təyyarə bələdçisi əyləşib.
Həmin əməkdaşın yerindən durmasını fürsət bilən Reyes bu şəxsin yerdəki çantasına əl uzadıb.
Özünə mane olunduqdan sonra daha da azğınlaşan təcavüzkar uçuş heyəti üzvünün üzərinə atılaraq onun başından yapışıb və boğmağa çalışıb.
Təyyarə bələdçiləri və təyyarədəki digər sərnişinlər Reyesi plastik qandallar və təhlükəsizlik kəməri uzatma aparatları ilə zərərsizləşdirmək üçün böyük səy göstəriblər.
Şübhəlinin plastik qandalları bir neçə dəfə qırdığı, lakin sərnişinlərin birgə müdaxiləsi ilə təsir göstərməsinin qarşısının alındığı qeyd edilib.
Müdaxilə anları təyyarədə olan və döyüş idman növləri ilə məşğul olan bir sərnişin tərəfindən mobil telefonla lentə alınıb.
Federal Aviasiya Administrasiyası (FAA) təyyarənin bazar günü yerli vaxtla saat 23:55 radələrində Mayami Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş etdiyini açıqlayıb.
Mayami-Deyd Şerif Ofisi tərəfindən təyyarədə nəzarətə alınan Reyes dindirilmək üçün FTB rəsmilərinə təhvil verilib.
Təyyarə bir neçə saatlıq gecikmədən sonra Çikaqo səfərinə davam edib.
Məhkəmə sənədləri Reyesin uçuş heyətinin fəaliyyətinə mane olmaq və məhkəmə yurisdiksiyası daxilində hücum törətmək ittihamları ilə həbs olunduğunu göstərir.
FAA məlumatlarına görə, ilin əvvəlindən bəri aviaşirkətlər tərəfindən 687 qayda pozuntusu törədən sərnişin hadisəsi qeydə alınıb.
Ötən cümə günü də "United Airlines"ın Çikaqo - Minneapolis reysini yerinə yetirən təyyarəsi bir sərnişinin kabinə daxil olmaq cəhdləri səbəbindən Viskonsinə təcili eniş etmək məcburiyyətində qalmışdı.

