ABŞ-dən İspaniyaya gedən sərnişin təyyarəsi potensial təhlükəsizlik təhdidi səbəbindən geri qayıdıb



ABŞ-dən İspaniyaya getmək üçün havaya qalxan "United Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı yaranan potensial təhlükəsizlik təhdidi səbəbindən geri dönüb.

AFN.az xəbər verir ki, "CBS News"un yaydığı məlumata görə, Nyu-York və Nyu-Cersi Liman İdarəsindən edilən açıqlamada mayın 30-da Nyu-Cersi ştatındakı Nyuark Liberti Beynəlxalq Hava Limanından Palma-de-Malyorka bölgəsinə getmək üçün havalanan təyyarənin təxminən 3,5 saat sonra yenidən Nyuarka eniş etdiyi bildirilib.

"United Airlines" şirkəti "Boeing 767" tipli təyyarədə 190 sərnişin və 12 nəfərlik heyətin olduğunu açıqlayıb.

Hava hərəkətini idarəetmə qeydlərinə əsasən, bir sərnişinin öz "bluetooth" cihazına təhdid kimi qəbul edilə biləcək bir ad qoymasından sonra təhlükəsizlik qüvvələri təyyarəni nəzarətə götürüb.

Sosial mediada paylaşım edən bir sərnişin isə kabin heyətinin sərnişinlərdən "bluetooth" cihazlarını söndürmələrini istədiyini, lakin iki cihazın açıq qalmağa davam etdiyini iddia edib.

Bunun ardınca təyyarənin şirkətin baş ofisi ilə aparılan müzakirələrdən sonra geri qayıtmaq qərarı aldığı ötürülüb.

Təyyarə Nyuarka eniş etdikdən sonra sərnişinlər təxliyə edilərək təhlükəsizlik yoxlanışından keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu