ABŞ-da bank qarəti: Çox sayda insan girov götürüldü
ABŞ-ın Cənubi Kaliforniya bölgəsindəki Beykersfild şəhərində bir bank filialında bomba təhdidi edərək daxildəki çox sayda insanı girov götürən şübhəli şəxslə təhlükəsizlik qüvvələri arasında danışıqlar davam edir.
AFN.az xəbər verir ki, Beykersfild Polis İdarəsindən verilən bəyanatda çərşənbə axşamı yerli vaxtla saat 13:00 radələrində şəhər mərkəzində yerləşən "Chase Bank" filialına qarşı bomba xəbərdarlığı əsasında qrupların hadisə yerinə cəlb edildiyi bildirilib.
Banka çatan polis əməkdaşları bir kişinin daxildəki çox sayda vətəndaşla birlikdə özünü binaya kilidlədiyini müəyyən ediblər.
Beykersfild polis çavuşu Erik Seledon aparılan danışıqlar nəticəsində girovlardan birinin azad edilməsinin təmin olunduğunu, daxildə qalan digər girovların isə sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Seledon bu hadisəni mümkün qədər ən təhlükəsiz şəkildə yekunlaşdırmaq üçün əllərindəki bütün imkan və resursları səfərbər etdiklərini ifadə edib.
Hadisədən sonra təhlükəsizlik kəmərini genişləndirən rəsmilər bankın yaxınlığında yerləşən meriya binası və polis mərkəzi də daxil olmaqla ətrafdakı tikililəri təxliyə edib, bəzi yolları isə müvəqqəti olaraq hərəkətə bağlayıblar.
Bölgəyə çox sayda polis avtomobili ilə yanaşı, taktiki müdaxilə maşını, təcili tibbi yardım qrupları və FTB agentləri yerləşdirilib.
Polis idarəsinin böhran danışıqları qrupu şübhəli şəxslə telefon vasitəsilə əlaqə saxlamağa davam edir.
Təhlükəsizlik qüvvələri vəziyyətin hələ də aktiv təhdid ehtiva etdiyini vurğulayaraq əhaliyə bölgədən uzaq durmaq barədə çağırış edib.
Bölgədə olan Ceykob Devidson adlı bir canlı yayımçı izləyicilərindən gələn bomba xəbərdarlığı mesajlarından sonra hadisə yerinə getdiyini bildirərək polislərin bankın dayanacağına və arxa tərəfindən içəri daxil olduğunu gördüyünü, bu şəhərdə indiyə qədər gördüyü ən sıx polis qüvvəsinin cəlb edildiyini deyib.
O, təxminən bir məhəllə uzaqlıqda komanda mərkəzi ilə yanaşı yaşıl, qırmızı, sarı və qara rəng kodlu təcili müdaxilə çadırlarının qurulmasını müşahidə etdiyini bildirib.
Təhlükəsizlik qüvvələrinin fövqəladə hallarda yaralıların vəziyyətini ağırlıq dərəcəsinə görə sürətlə təsnif edə bilmək məqsədilə bu çadırları tədbir xarakterli qurduğu qeyd edilib.
Beykersfild meri Karen Qoh da vəziyyəti yaxından təqib etdiyini bildirərək ictimaiyyətin hazırda edə biləcəyi ən böyük yardımın ərazidən uzaq duraraq hüquq-mühafizə orqanlarına, danışıqlar aparan şəxslərə və təlim keçmiş peşəkarlara öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirmələri üçün lazımi sahə və şəraiti yaratmaq olduğunu diqqətə çatdırıb.


